Lənkəran STEAM Mərkəzinin açılışı keçirilib.
Lənkəran STEAM Mərkəzi ilə tanışlıq.
Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran şəhərinə səfər edib.
Səfər çərçivəsində Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Lənkəran rayonunun kəndlərindən, eləcə də Masallı, Astara, Lerik və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.
Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.