Quba STEAM Mərkəzində "Zəfər" düşərgəsi təşkil olunub.

"Zəfər” düşərgəsinin açılış mərasimi keçirilib


İyulun 26-da Quba STEAM Mərkəzində Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər” düşərgəsinin açılış mərasimi baş tutub.

 

Mərasim düşərgə iştirakçılarının ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi zamanı həlak olan şagirdlərə həsr olunmuş videoçarx nümayiş edilib. 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev düşərgə iştirakçılarını salamlayaraq düşərgənin Quba STEAM Mərkəzində təşkilinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, özündə elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatı ehtiva edən STEAM yanaşma hazırda milli təhsil sistemlərində ən düzgün, ən kreativ həll yolu kimi geniş tətbiq olunmaqdadır. Emin Əmrullayev bu cür STEAM Mərkəzlərinin sayının artırılacağını da diqqətə çatdırıb.

Təhsil naziri çıxışının sonunda düşərgənin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür bildirib, iştirakçıların düşərgə çərçivəsində yaradılan fürsətləri dəyərləndirərək yeni və müasir biliklər əldə edəcəklərinə inamını ifadə edib. 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da öz növbəsində  əməyi keçən hər kəsə təşəkkür edərək uşaqlara uğurlar arzulayıb. 

Çıxış edən məşhur fotoqraf Rza Deqati də belə bir tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib. 

Tədbir bədii hissə  və əyləncə proqramı ilə davam etdirilib. 

 

Qeyd edək ki, iyulun 31-dək davam edəcək  “Zəfər” düşərgəsində 74 şəhid övladı iştirak edir. İştirakçılar bu müddət ərzində STEAM Mərkəzində öyrənəcək, biliklərini paylaşacaq, əyləncəli zaman keçirəcəklər.