#TİMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının nəticələri açıqlanıb.
Dünya üzrə TİMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkə üzrə 580 000-dən çox şagird, 310 000 valideyn, 52 000 müəllim, 19 000 məktəb iştirak edib. Azərbaycan üzrə 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllim TİMSS 2019 beynəlxalq qiymətləndirməsinə cəlb olunub. Ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub.
Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə edib. Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TİMSS 2019-cu il riyaziyyat nailiyyəti TİMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdədir.
Bundan başqa, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.
TİMSS beynəlxalq tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.
Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Ümumilikdə, öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur.
Qeyd edək ki, ölkəmiz sonuncu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.